Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Bakı Sağlamlıq Mərkəzində fəaliyyət göstərən Tədris-Simulyasiya Mərkəzini ziyarət edib.

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının kliniki bazası olan Bakı Sağlamlıq Mərkəzində fəaliyyət göstərən Tədris-Simulyasiya Mərkəzini ziyarət edib. Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Asiman Həsənov Mərkəz haqqında ilkin məlumatları Professor Gəray Gəray bəyli ilə bölüşmüş, daha sonra İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris-Simulyasiya Mərkəzinin rəhbəri, t.ü.f.d., Zəhra Vəzirova qonaqlara Mərkəzdə bütün ixtisaslarda tibb mütəxəssislərinin hazırlanması, orta və kiçik tibb personalının ixtisas bacarıqlarına yiyələnməsi, fərdi praktik vərdişlərin öyrədilməsi və təkmilləşdirilməsi, eyni zamanda, yeni bacarıqların əldə edilməsi istiqamətində aparılan işlər barədə geniş məlumat verib. Tədris-Simulyasiya Mərkəzində ATU tələbələri üçün praktiki təlim və bacarıqların səviyyəsinin qiymətləndirilməsi məqsədi ilə ən müasir texnologiyalar və şərait mövcuddur. ATU-nun rektoru, professor G.Gəraybəyli bu texnologiyalarla da tanış olub. Rektor G.Gəraybəyli mərkəzində müəyyən fənlər üzrə tədris keçən ATU-nun tələbələrlə görüşüb və onlarla geniş fikir mübadiləsi aparıb və mərkəzin komandası və burada tədris keçən tələbələrin rəylərini öyrənib. Rektor bildirib ki, tələbələrin, rezidentləri və həkimlərin peşə bacarıqları səviyyəsinin yüksəldilməsi üçün bu mərkəzin fəaliyyətinin böyük önəmi var. Tələbələr mərkəzdə tədris prosesinin yüksək səviyyədə aparılması üçün yaradılan şəraitdən razılıqlarını bildiriblər. Daha sonra rektor G.Gəraybəyli mərkəzin endoskopiya, ultrasəs müayinəsi, ginekologiya, reanimasiya, ilk yardım və təcili tibbi yardım otaqlarında robot-simulyatorlar üzərində tələbələrin keçirdikləri manipulyasiyaları izləyib. Təlim və Simulyasiya Mərkəzində yaradılan şəraitdən məmnun olduğunu bildirən professor G.Gəraybəyli mərkəzin kollektivinə uğurlar arzulayıb. ATU-nun tədris şöbəsinin müdiri, dosent Kamandar Yaqubov qeyd edib ki, ATU tələbləri hər gün mərkəzdə 5 bacarıq fənninin - Venadaxili inyeksiyalar, Təxirə salınmaz Tibbi yardım, Dispanserizasiya, Fiziki Müayinə, Təməl ürək və ağciyər reanimasiyası fənlərinin tədrisində iştirak edirlər. Tədris prosesi 3 mərhələli şəkildə həyata keçirilir. Yayda daxili xəstəliklər və cərrahi xəstəliklər fənləri üzrə dövlət attestasiyana buraxılan ATU tələbələri üçün bacarıq imtahanı da bu mərkəzdə təşkil olunacaq. ATU rektoru, professor Gəray Gəraybəyli Mərkəzdə imtahanların keçirilməsi üçün hazırlanmış sektorla da tanış olub. Tələbələr buradakı kabinələrə şəxsi İD kodu ilə daxil olub ayrılmış zaman müddətində imtahan suallarını cavablandıracaqlar. Yekunda tələbənin chek-list formasında imtahan nəticəsi əks olunur. Bacarıq imtahanında iştirak edən tələbələrin imtahan nəticələri elə həmin gün universitetin portallarına yerləşdirilir. Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru, dosent Dr. Asiman Həsənov qeyd edib ki, Tədris-Simulyasiya mərkəzinin komandası yüksək ixtisaslı anestezioloq-reanimatoloqlar, mama-ginekoloqlar, kardioloqlar, cərrahlar və psixoloqlardan ibarətdir. Komanda üzvləri xarici ölkələrdə səhiyyə sahəsində mütəxəssislərin hazırlanmasında çoxillik təcrübə əldə ediblər. Qeyd edək ki, Tədris-Simulyasiya Mərkəzi Azərbaycan Tibb Universiteti və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri, rezidentləri və həkimlərin praktik bacarıqlarını artırmaq və simulyasiya təlimindən istifadə edərək müxtəlif tibb peşələri üzrə mütəxəssislərin ixtisaslarını artırmaq üçün yaradılıb. Simulyasiya Mərkəzinin işçiləri xarici ölkələrin səhiyyə mütəxəssislərinin zəngin təcrübəsindən yararlanaraq beynəlxalq standartlara uyğun olan təlim proqramlarından istifadə edirlər.

Diqər xəbərlər